
Nəzəri dilçilik və türk dilləri kafedrası 2023-cü ildə Ümumi filologiya kafedrasının bazasında yaradılmış iki kafedradan biri oldu.
Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Filologiya” fakültəsinin Filologiya ixtisası üzrə buraxılış kafedrasıdır.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.
Filologiya ixtisasının bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir Azərbaycan və türk dillərinin bölmələri üzrə ümumi və nəzəri dilçilik fənləri, geniş şəkildə öyrədilməklə yanaşı, praktik dil vərdişləri də aşılanır. Azərbaycan, Türkiyə və dünya dilçilərinin elmi fəaliyyətləri, nəzəri baxışları dilçilik üzrə müxtəlif fənlərdə tədris edilir, bu və ya digər mövzular əhatəsində sərbəst işlər aparılmaqla tədris edilən fənlər daha dərindən mənimsədilir.
Kafedra professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində kadr hazırlığı aparılan digər ixtisaslarda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” (türk dili) və “Xarici dil” (türk dili) fənləri də tədris olunur.
Filologiya ixtisasının magistratura səviyyəsində təhsil alan magistrantlara dilçiliyin müxtəlif problemləri ətraflı şəkildə öyrədilir. Eyni zamanda kafedranın professor-müəllim heyəti tərəfindən magistrantlara elmi araşdırma aparmaq, öyrənmək, təhlil və tətbiq etmək, elmi mətn hazırlamaq bacarıqları da aşılanır.
Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada Filologiya elm sahəsinin ixtisasları üzrə doktorantura və dissertantura yolu ilə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən filologiya elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiqi elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.
Kafedrada Azərbaycan və türk filologiyasının müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, dərs vəsaiti, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunur və müxtəlif təlimlərdə iştirak edir.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkələrin ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. Bu baxımdan tələbələr Türkiyənin Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Universitetdə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsilalanların daha yüksək şəkildə hazırlığını artırmaq məqsədilə hər tədris ili göstərilməklə Türkiyədən müəllimlər dəvət edilir və tələbələr fakültativ dil kurslarına cəlb olunur.
Hazırda kafedrada 2 nəfər filologiya elmləri doktoru, 3 nəfər professor, 10 nəfər filologiya üzrə fəlsəfə doktoru, 6 nəfər dosent, 4 nəfər baş müəllim, 4 nəfər müəllim fəaliyyət göstərir.

fil.ü.f.d.

fil.ü.f.d.

müəllim

laborant